Ukrayna 10 ildə 240 gəmi inşa etməyi planlaşdırır

235

Ukraynanın gəmiqayırma sənayesinin inkişaf strategiyası yaxın illərdə onlarla mülki və hərbi gəminin inşasını nəzərdə tutur.

“Seanews.az” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Sənayesi Dövlət Konserninin Ukrayna Gəmiqayıranlar Assosiasiyası ilə birlikdə hazırladığı layihənin təqdimatında bildirilib.

Hazırda Ukrayna Hərbi Dəniz Qüvvələrinin 18 gəmisi var. Ukrayna Hərbi Dəniz Donanması üçün 2030-cu ilədək patrul və artilleriya gəmiləri, raket gəmiləri, korvetlər və bir freqatın inşası planlaşdırır.

Bundan əlavə, strategiyada mülki donanmanın inkişafı üçün 240 yeni gəminin inşası nəzərdə tutulur.  Bu sayda gəmi 2030-cu ilədək 7,5 min yeni iş yerinin yaradılmasına, Ukraynanın daxili su yollarında yük daşımalarının həcmini ildə 30 milyon tona çatdırmağa və dövlət büdcəsinə hər il əlavə olaraq 16 470 milyon qrivnasının daxil olmasına imkan verəcək.

Strategiya müəllifləri, gəmiqayırma sənayesinin dövlətdən dəstək ala bilməsi üçün layihənin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən nəzərdən keçiriləcəyini və təsdiqlənəcəyini gözləyirlər.