“MSC” konteyner daşıyıcısı Braziliyada narkotik tacirlərinin ABŞ və Avropaya narkotik maddələr göndərmək üçün konteynerlərdən istifadə etməsi səbəbindən bəzi yerüstü əməliyyatlarını qeyri-müəyyən müddətə dayandırır. Söhbət avtomobil, dəmir yolu və çay nəqliyyatı ilə limanlara çatdırılan ixrac konteynerlərindən gedir.
“Seanews.az” xəbər verir ki, son zamanlar narkotik axtarışları ilə bağlı “MSC”-nin gəmilərində keçirilən reydlər getdikcə daha çox başlıqlara çevrilir. Üstəlik, 2019-cu ildə “MSC Gayane” konteyner gəmisində 1,1 milyard dəyərində ən böyük narkotik partiyası aşkar edildikdən sonra ABŞ hakimiyyəti şirkətin Terrorizmlə Mübarizə üzrə Gömrük və Ticarət Tərəfdaşlığı (“C-TPAT”) çərçivəsində sertifikatını müvəqqəti olaraq ləğv etmişdi.
Latın Amerikasında mütəşəkkil cinayətkarlıq problemini işıqlandıran qeyri-kommersiya təşkilatı “InSight Crime” Braziliyanın Santos limanını “dünyanın kokain ticarətinin ən böyük mərkəzi” hesab edir.
2017-ci ilin yanvarından 2020-ci ilin aprelinə qədər dünya üzrə ələ keçirilən bütün kokainin demək olar ki, 90%-nin, bütün marixuananın 45%-nin və amfetamin tipli stimulyatorların 30%-nin dəniz yolu ilə daşındığı bildirilir.