Avropanın aparıcı multimodal logistika şirkəti – “Kabuter Qrup” Bakı Limanı ilə işgüzar əlaqələrini genişləndirir

302

“Kabuter Qrup”unun Baş icraçı direktor və təsisçisi cənab Yohannes Kabuterin rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 iyun 2022-ci il tarixlərində Bakı Limanında işgüzar səfərdədir. Bu gün nümayəndə heyəti Ələtə, Bakı Limanına səfər edib və limanın rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı Bakı Limanı ilə “Kabuter Qrup” arasında mövcud biznes tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub.

Beləki, “Kabuter Qrup” artıq Azərbaycanda fəaliyyətə başlayıb və Bakı Limanı vasitəsilə Çinə yüklərin daşınmasını təşkil edir. Səfər zamanı nümayəndə heyəti Bakı Limanındakı terminallarda “Kabuter Qrup”a məxsus yüklərin daşınması prosesini müşahidə etdi.

Qeyd edək ki, 25 noyabr 2019-cu il tarixində Bakı Limanı ilə “Kabuter Qrup” arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Avropadan Mərkəzi Asiya və Çinə yükdaşımaların gücləndirilməsi və genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

“Kabuter Qrup” Hollandiyada yerləşən multimodal logistik həllər şirkətidir. Şirkət istənilən təyinat yerinə dəmir yolu, avtomobil, su, hava yolu ilə yüklərin, konteynerlərin, qoşquların, körpülərin, qaldırılan və ya qaldırıla bilməyən aqreqatların, avadanlıqların və s. daşınmasını təşkil edir. Şirkətin logistika sənayesində 60 illik təcrübəsi mövcuddur.