Türkiyə Bolqarıstana qaz tədarükünə başlayır

259

Türkiyə çərşənbə günü Bolqarıstana mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü layihəsinə başlayıb.

Bu ölkəyə yola düşəcək tankerə yanacağın doldurulması mərasimi Mərmərə dənizindəki Mərmərə Ereğlisi limanının LNG terminalında baş tutub.

“Bugünkü partiya təxminən 55 milyon kubmetr LNG təşkil edəcək. İl ərzində ümumi tədarük 1,5 milyard kubmetri keçəcək”, – Türkiyənin dövlət boru kəməri şirkəti “BOTAŞ”ın rəhbəri Burhan Özcan mərasimdə deyib.

Onun sözlərinə görə, Bolqarıstana Türkiyədən qaz nəqlinin başlanması təkcə iki ölkə üçün deyil, həm də Avropa üçün vacibdir, çünki bu, onun enerji təhlükəsizliyini təmin etməyə kömək edəcək.

“Deyə bilərik ki, bu, prosesin ilk həlqəsidir”, – Türkiyə şirkətinin rəhbəri bildirib.

Qeyd edək ki, Türkiyədən Bolqarıstana 1,5 milyard kubmetr həcmində LNG tədarükü haqqında saziş 3 yanvar 2023-cü ildə imzalanıb. Onun etibarlılıq müddəti 13 ildir.

Hazırda Bolqarıstan öz tələbatının üçdə birinə qədərini Azərbaycandan gələn boru kəməri qazı hesabına ödəyir. O, tutumu 3 milyard kubmetr olan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə ölkəyə daxil olur.

Mənbə: Sözcü