Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına diqqət yetirilir

242

Qazaxıstanın Aktau limanında ticarət yüklərinin aşırılması 2023-cü ilin birinci rübündə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 994 min ton təşkil edib.

“Seanews.az”-ın məlumatına görə, neftin ötürülməsi 43% artaraq 743 min tona çatıb.

Hesabat dövründə limanda metalın aşırılması 5 dəfə artıb.

Qeyd edək ki, Qazaxıstan neftinin bütün ixracının üçdə ikisindən çoxu Tengiz (Qazaxıstan) – Novorossiysk (Rusiya) boru kəməri ilə nəql edilir. 2022-ci ilin martında Xəzər Boru Kəməri Konsorsiumunda baş vermiş qəzadan sonra respublikanın Energetika Nazirliyi neft ixracı üçün alternativ marşrutların axtarışını elan edib. Ötən ilin dekabrında ixrac istiqamətlərinin şaxələndirilməsi ilə bağlı göstəriş çərçivəsində yol xəritəsinin layihəsi hazırlanıb. Qazaxıstanın energetika naziri Bolat Akçulakov bildirib ki, sənəddə Azərbaycan, Gürcüstan və Türkiyə limanları istiqamətində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına, habelə Çin və İrana ixrac istiqamətlərinə diqqət yetirilir.