Bakı Limanı BMT-nin Okean İdarəetmə Təşəbbüsünə qoşulub
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən BMT-nin “Gələcəyin Okeanı” adlı görüşündə Bakı Limanı da təmsil olunaraq Okean İdarəetmə Təşəbbüsünə qoşulub.Bakı Limanının Baş direktoru Taleh Ziyadov görüşdə Limanın, okean və dənizin davamlılığına sadiqliyini vurğulayaraq, Xəzər dənizi və Qara dəniz regionunu Okean İdarəetmə Təşəbbüsündə təmsil etməkdən şad olduğunu bildirib. Görüş zamanı Bakı Limanı, karbon emissiyasının sıfıra endirilməsi ilə bağlı tədbirlər görülməsini müdafiə edən bəyanatı da imzalayıb.
Azərbaycanda 2022-ci ildə BMT Qlobal Sazişinə qoşulan ilk dövlət qurumu və regionda Okean İdarəetmə Təşəbbüsünə qoşulan ilk liman olan Bakı Limanı, okean ekologiyası və qlobal əlaqəni gücləndirən dayanıqlı təcrübələrin inkişafına öz təhfəsini verir. Bu qabaqcıl rola qoşulmaqla liman, dayanıqlılığa, okean və dəniz ehtiyatlarının, xüsusən də qlobal biomüxtəlifliliyin qorunması və inkişaf etdirilməsi ilə Xəzər dənizinin məsuliyyətli idarə edilməsinə dəstək verir.
Bu əlamətdar hadisədən sonra Bakı Limanı 23-25 sentyabr 2024-cü il tarixlərində Nyu-Yorkda BMT Qlobal Sazişinin ev sahibliyi etdiyi BMT-nin Okean Təhlükəsizliyi Dialoqlarında və İllik Okean Tədbirində iştirak edir.
Qeyd edək ki, 2021-ci ildə BMT Qlobal Sazişinin dayanıqlı okean biznes təcrübələrini təşviq etmək üçün daha geniş strategiyasının bir hissəsi kimi yaradılmış Okean İdarəetmə Təşəbbüsü dayanıqlı okean təcrübələrinin təsirini artırmaq üçün hazırda 150-dən çox aparıcı qlobal biznesi özündə birləşdirir. Təşəbbüs, BMT Baş Assambleyası, BMT-nin Okean Konfransı, COP, BMT-nin Biomüxtəliflik Konfransı, G20 və okeanın davamlılığına yönəlmiş digər yüksək səviyyəli tədbirlərin gündəliyi üçün tövsiyələrinin formalaşdırılmasında mühüm rol oynayır.