Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərginin açılış mərasimi keçirilib

6

Bakı Limanı və Azərxalçanın birgə təşkilatçılığı ilə keçirilən sərginin əsas məqsədi həm xalçaçılıq sənətini, həm də Xəzər sahillərində tarix və irs işığı olan mayakların qorunmasının vacibliyini diqqətə çatdırmaqdır. Ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində keçirilən və ilin sonuna kimi davam edəcək sərgidə Bakı Limanının xüsusi sifarişi ilə toxunan, Xəzərin sahilindəki 8 mayakı əsk etdirən “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan”, “Kür dili” kimi xalçalar nümayiş etdirilir. Bundan başqa ziyarətçilərə “Azərxalça” ASC-ə aid 3 xalça – “Çələbi”, “Çələbi Bərdə” və “Qasımuşağı” xalçaları və Azərbaycan dənizçilik tarixini əks etdirən, Bakı Limanına aid eksponatlar da nümayiş etdirilir.

Açılış mərasimində çıxış edən Bakı Limanının sədri Taleh Ziyadov Azərbaycanın dəniz irsi sayılan mayaklar haqqında qısa məlumat verib və iştirakçıların diqqətinə çatdırıb ki, bu irsin tarixinin qorunub saxlanılması üçün uzunmüddətli araşdırmaları və faktları özündə əks etdirən “Mayaklar” adlı kitab da hazırlanıbdır. 150 səhifədən artıq bu elmi nəşrinin hazırlanması zamanı, yerli və xarici arxivlərdəki sənədlərdən geniş istifadə edilib.

Daha sonra çıxış edən @azerxalca.carpets ASC-nin idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov Xəzərdə dənizçiliyin və zəngin xalçaçılıq ənənələrinin həm yerli, həm də xarici qonaqlara belə fərqli və maraqlı üsullarla təqdim olunmasının hər zaman çox təsirli olduğunu söyləyib və COP29 ərəfəsində Azərxalça tərəfindən icra ediləcək layihələrlə bağlı məlumat verib.

Qeyd edək ki, ilin sonuna kimi davam edəcək sərgiyə giriş sərbəstdir.

Mənbə:https://www.facebook.com/BakuSeaTradePort