ADDA-da “Zəfər günü”

34

Noyabrın 6-da Azərbaycan Dövlət Dəniz Akademiyasında “Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Akademiyanın professor-müəllim heyəti, tələbələr, dəvət olunmuş Vətən müharibəsi qaziləri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov Akademiyanın tələbə və müəllim heyətini bu möhtəşəm gün münasibətilə təbrik edib. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Vüqar Sadıqov bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Qarabağ Zəfərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna rolundan danışan prorektor xalqın öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini, Azərbaycan xalqının hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu, Prezident İlham Əliyevin yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsini ortaya qoyduğunu, informasiya müharibəsində Azərbaycanın haqq səsinə çevrilərək cəsarətlə bütün təzyiqlərə sinə gərdiyini və öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildiyini  vurğulayıb.

Akademiyanın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor, Vətən müharibəsi iştirakçısı Nəsir Hüseynov çıxış edərək həm birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi haqqında xatirələrini bölüşərək gənc nəslin vətənpərvər ruhda böyüməsinin qürürverici hal olduğunu bildirdi. O, Vətən müharibəsi zamanında xalqımızın Ali baş komandan Cənab İlham Əliyevin və ordumuzun arxasında hər zaman yüksək ruhda dayanmasının nəticəsi olaraq torpaqlarımız 30 illik işğaldan azad olunmasını tarixi qələbə kimi dəyərləndirdi.

Daha sonra Vətən müharibəsi iştirakçısı olan ADDA-nın tələbə və əməkdaşları çıxış edərək keçdikləri döyüş yollarındakı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

adda.edu.az