Ankara və Doha Qara dənizdə təhlükəsiz gəmiçilik mexanizmi yaratmağa çağırıblar

28

Qətər və Türkiyə digər ölkələri Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün yeni mexanizmin yaradılmasına çağırıblar.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ankarada Qətər Əmiri şeyx Tamim bin Həməd əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iki ölkənin Ali Strateji Komitəsinin iclasının yekunlarına dair birgə bəyanatda deyilir.

Qətərin xəbər agentliyinin mətnini dərc etdiyi sənəddə də qeyd olunur ki, tərəflər Qara dənizdə təhlükəsiz kommersiya gəmiçiliyinin təmin edilməsi üçün yeni mexanizmin yaradılmasının zəruriliyini vurğulayıblar. Onlar həmçinin qlobal çağırışların ərzaq təhlükəsizliyinə ciddi təsirlərini müzakirə ediblər və Qara dənizin dünya bazarlarına maneəsiz ərzaq tədarükü üçün strateji əhəmiyyətini vurğulayıblar.

Bu baxımdan Doha və Ankara Qara dəniz taxıl təşəbbüsünü yüksək qiymətləndiriblər.