Dekabrın 17-də Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi mexanikası və elektromexanikası” fakültəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) qarşıya qoyduğu məsələlərlə bağlı tədbir keçirilib. Akademiyanın “Tətbiqi mexanika” kafedrasının təşəbbüsü ilə AR Elm və Təhsil Nazirliyinin Fizika Elmi-Tədqiqat İnstitutu, ADDA-nın “İngilis dili” və AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedraları tərəfindən birgə təşkil olunmuş tədbirdə Akademiyanın professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Tətbiqi mexanika” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Akademiki, professor Vaqif Həsənov iştirakçıları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası üçün canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekanı, dosent Rafiq Əsgərov tədbirin aktuallığından, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycanın bitərəf vasitəçi kimi danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdığından, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədiyindən bəhs edib. O, Ermənistanın işğal etdiyi ərazilərin təbii sərvətlərinə və ətraf mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurduğunu qeyd edərək, COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.
Professor Vaqif Həsənov “Tətbiqi mexanika” kafedrasında COP29-da tövsiyə olunan tədbirlərin yerinə yetirilməsi üçün bir neçə elmi-tədqiqat işlərinin aparıldığını qeyd edib. Azərbaycanda “Yaşıl Enerjiyə Dəstək Elmi-İnnovativ Təşəbbüs Qrupu” (YEDEİTQ) yaradıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Onun “Hidrogen yanacağının gəmilərdə tətbiqi” mövzusunda məruzəsi dinlənilib və tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbirdə AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri, professor Nurməmməd Məmmədovun “COP29: Azərbaycanda enerji və su təhlükəsizliyinin təmin olunmasının prioritet istiqamətləri” mövzusunda çıxışı maraqla qarşılanıb. O, su təhlükəsizliyini təmin etmək üçün yeni texnologiyaların tətbiqi və innovativ yanaşmaların əhəmiyyətini də vurğulayıb. Su ehtiyatlarından daha səmərəli istifadə və israfın qarşısının alınması üçün müasir texnologiyaların tətbiqi kimi istiqamətlərdən danışıb.
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdiri, professor Vüqar Əliyev layihə idarəetməsinin əsaslarına dair məruzə edib.
İngilis dili” kafedrasının müdiri, professor Gülçöhrə Alıyeva “Azərbaycanın yaşıl dünya naminə həmrəylik və müsbət ekoloji dəyişikliklərin yaradılması istiqamətində həyata keçirdiyi siyasət” mövzusunda çıxış edərək qarşısıalınmaz ekoloji problemlərin tək respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbə olduğunu söyləyib.
“Hümanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev Azərbaycanın qlobal şimal və cənub arasında körpü rolu oynadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda “Tətbiqi mexanika” kafedrasının professoru V.H.Həsənov və dosent L.A.Həsənovanın çap etdirdikləri “Texniki mexanika” kitabının və COP29-a aid “İqlim dəyişmələri üzrə xülasə” toplusunun təqdimatı keçirilib. Qeyd edilib ki, kitab texniki ali məktəblərdə “Texniki mexanika” fənni üzrə bakalavr, magistrant və doktorantlara, eləcə də istehsalatda işləməyə hazırlaşan gənc mütəxəssislərə bilik və bacarıqlarını təkmilləşdirməyə imkan yaradır.
adda.edu.az