Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımalarının həcmi son 4 ildə beş dəfə artıb.
Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin nəqliyyat naziri Marat Karabayevə istinadən xəbər verir.
“Hazırda iki mühüm tranzit dəhlizi fəal şəkildə inkişaf edir ki, onlardan biri də ötürmə qabiliyyəti 6 milyon ton olan TBNM-dir.
“Bu dəhliz vasitəsilə daşımaların həcmi son 4 ildə 800 min tondan 4,1 milyon tona çatıb ki, bu da beş dəfə artım deməkdir. Bu müddət ərzində yüklərin çatdırılma müddəti 58-60 gündən 13-15 günə qədər azalıb”, – nəqliyyat naziri bu gün Məclisdə hökumətin səyyar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dəhlizin gələcək inkişafı üçün Azərbaycan, Türkiyə və Gürcüstanla birgə daşınma prosesində yaranan maneələrin aradan qaldırılmasına yönəlmiş Yol Xəritəsi təsdiq edilib.
“Qarşıdakı hədəfimiz marşrutun ötürmə qabiliyyətini ildə 10 milyon tona çatdırmaqdır”, – M.Karabayev vurğulayıb.
Eyni zamanda, o əlavə edib ki, yerli donanmanın çatışmazlığı mühüm problemdir.
“Hazırda Kurık – Ələt marşrutunda yalnız Azərbaycan bərələri işləyir, bizə ən azı 7 gəmi lazımdır. Onların istehsalı üçün Türkiyənin “YDA” və “ASFAT” şirkətləri Kurık limanının yaxınlığında xüsusi zavod tikməyi planlaşdırır”, – o qeyd edib.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.