Orxan Xəlilov “2025 Port of the Future” Konfransında Magistr Poster Müsabiqəsinin Beynəlxalq Birincisi Oldu

119

Orxan Xəlilov “2025 Port of the Future” Konfransında Magistr Poster Müsabiqəsinin Beynəlxalq Birincisi Oldu

Texas Southern Universitetində Nəqliyyat İdarəçiliyi ixtisası üzrə magistr təhsili alan və Tədqiqat Assistenti kimi fəaliyyət göstərən Orxan Xəlilov, Houston Universitetinin təşkilatçılığı və Beynəlxalq Propeller Klubunun sponsorluğu ilə keçirilən nüfuzlu 2025 Port of the Future beynəlxalq konfransı çərçivəsində təşkil olunan Magistr Poster Müsabiqəsində birinci yerə layiq görülüb.

Onun “Hidrogenlə işləyən sahil enerjisi təchizatı: Davamlı Sahil Enerjisi Həlləri” adlı tədqiqat posteri, ABŞ və digər ölkələrin ali təhsil müəssisələrindən təqdim olunan magistr səviyyəli layihələr arasında elmi və texnoloji dəyəri ilə fərqlənərək qalib seçilmişdir. Mükafat, təqdim olunan işin orijinallığı, texniki yenilikləri, və ABŞ-ın yaşıl liman strategiyası ilə qlobal iqlim hədəflərinə uyğunluğu nəzərə alınaraq verilmişdir.

“Port of the Future” konfransı liman infrastrukturu, enerji səmərəliliyi və davamlı dəniz nəqliyyatı sahəsində qərarverici şəxsləri, sənaye liderlərini və elmi ictimaiyyəti bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. Belə bir yüksək səviyyəli yarışmada birincilik əldə etmək, Orxan Xəlilovun bu sahədəki beynəlxalq nüfuzunu və elmi liderlik potensialını bir daha təsdiqləyir.

Bu uğur, Orxanın təmiz dəniz texnologiyalarının inkişafı və dayanıqlı liman sistemlərinin qurulması sahəsində göstərdiyi səyləri ön plana çıxarır və onun nəqliyyat infrastrukturunun gələcəyinə — həm ABŞ-da, həm də qlobal miqyasda — verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir.