Hörmüz böhranı: ayda 7 milyon tondan çox LNG tədarükü dayandı

215

Bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir.
Hesabata əsasən, mart ayında qlobal təbii qaz istehlakı azalıb. Asiya regionunda tələbatın zəifləməsi, LNG təchizatında yaranan fasilələr və qiymətlərin artması bir sıra ölkələrdə digər enerji mənbələrinə, xüsusilə kömürə və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirib.
Hesabat dövründə Avropa İttifaqında orta qaz saxlama səviyyəsi, ötən ilin eyni dövründəki 37 milyard kubmetrlə müqayisədə, 30 milyard kubmetrə enib ki, bu da ümumi tutumun 29 faizini təşkil edir.
ABŞ-də isə aylıq orta qaz saxlama səviyyəsi ötən ilki 49 milyard kubmetrlə müqayisədə 53 milyard kubmetr olub və bu göstərici tutumun 39 faizinə bərabərdir.
Eyni zamanda, Yaxın Şərqdəki münaqişə qlobal LNG tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı vasitəsilə daşınan axınlara mənfi təsir göstərib. Nəticədə regionda spot qiymətlərdə artım müşahidə olunub.