Çindən rekord: 10 min avtomobil daşıyan ilk gəmi təhvil verildi

111

Çində 10 min 800 avtomobil daşımaq gücünə malik, iki yanacaq növü ilə işləyən ilk gəmi istehsal olunub. Cənubi Koreyanın HHM gəmiçilik şirkəti üçün inşa edilən bu gəmi, hazırda dünyada ən çox nəqliyyat vasitəsi daşıya bilən gəmi hesab olunur.

Çin Dövlət Gəmiqayırma Korporasiyasının Quancou gəmiqayırma zavodunda inşa olunan “Glovis Leader” adlı gəmi 28 aprel tarixində istismara verilib.

Uzunluğu 230 metr, eni isə 40 metr olan gəmidə 14 qaraj göyərtəsi mövcuddur. Bu isə elektrik və hidrogen yanacağı ilə işləyən avtomobillər, eləcə də ağır yük maşınları daxil olmaqla geniş çeşiddə nəqliyyat vasitələrinin çevik şəkildə yüklənməsinə imkan yaradır.

Bundan əlavə, gəmi ən son qlobal ekoloji standartlara tam uyğunluğu təmin edən qabaqcıl yaşıl yanacaq sistemi ilə təchiz olunub.

Gəminin texniki meneceri Can Fuli bildirib ki, gəmi maye təbii qaz (LNG) və dizel yanacağı ilə işləyir. Bununla yanaşı, hərəkət zamanı bütün gəmini müstəqil şəkildə enerji ilə təmin edə bilən generator sisteminə malikdir. Bu da onun enerji səmərəliliyinin əsas üstünlüklərindən biridir.

“Biz, həmçinin ammonyak və metanol yanacağına keçidlə bağlı ilkin texniki-iqtisadi əsaslandırma işlərini başa çatdırmışıq. Bu, gəmi sahibinin tələbi olduğu təqdirdə gəminin həmin alternativ yanacaq növləri ilə işləməsi üçün modifikasiya edilməsinə imkan verəcək”, – deyə Can Fuli bildirib.