Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsinin nümayəndə heyəti Bakıya səfəri çərçivəsində aprelin 28-də Azərbaycan Dövlət Dəniz Aklademiyasında olub. Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev Ərəbistanlı qonaqlarla və Dövlət Dəniz və Liman Agentliyinin aparıcı mütəxəssisləri ilə görüşüb.
Səmimi fikir mübadiləsi şəraitində keçən görüş zamanı ötən il Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın I/10 qaydasına uyğun olaraq Sertifikatların qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumunun imzalanması yüksək qiymətləndirilib. Nümayəndə heyətinin rəhbəri, Dənizçilərlə iş departamentinin direktoru Osama Almehmadi səfərin tanışlıq xarakteri daşıdığını vurğulayaraq, Azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişlənməsində, ölkəmizdə dənizçilik təhsilinin vəziyyəti ilə yaxından tanışlıqda maraqlı olduğunu bildirib.
Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev Dəniz Akademiyasının 30 illik fəaliyyətinin əsas məqamları, Azərbaycanda dənizçilik təhsilinin 145 illik tarixi, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumat verib, iki ölkənin dənizçilik sahəsində ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi konkret istiqamətlərdə əməkdaşlıq imkanlarından söhbət açıb.
Səmimi söhbətdən məmnun qaldıqlarını ifadə edən qonaqlar daha sonra Akademiyanın tədris laboratoriyaları, trenajorları, kitabxanası və Tarix muzeyi ilə yaxından tanış olublar, Fəxri Qonaqlar kitabına ürək sözlərini yazıblar. Aprelin 29-da Ərəbistanlı qonaqlar Azərbaycan Dövlət Dəniz Aklademiyasının Təlim-Tədris Mərkəzinə gedərək, orada dənizçilərin sertifikatlandırılması prosesi ilə də tanış olacaqlar.
ADDA.








