Dənizçilikdə Süni İntellektin hüquqi aspektləri müzakirə olunub

112

Azərbaycan Dövlət Dəniz Akademiyasının II tədris binasında ADDA və Bakı Dövlət Universiteti tələbələrinin iştirakı ilə “Süni intellektin gəmiçilik sahəsinə inteqrasiyası və hüquqi məsuliyyət problemləri” mövzusunda debat keçirilib. Tədbir ADDA-nın Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilati dəstəyi ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan ADDA-nın TEC sədri Ruslan Əlicanov müasir dənizçilikdə rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqinin aktuallığını vurğulayaraq bu cür debatların tələbələr arasında multidissiplinar yanaşmanın formalaşmasında mühüm rol oynadığını bildirib.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin TEC sədri Vaqif Xəlil iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlığın əhəmiyyətinə toxunub, süni intellektin hüquqi tənzimlənməsi məsələlərinin aktuallığını qeyd edərək, tələbələrin bu sahədəki elmi-tədqiqat maraqlarını yüksək qiymətləndirib və birgə layihələrin perspektivlərindən danışıb.

Debat zamanı avtonom gəmi idarəetməsi, beynəlxalq hüquq normaları, qərarvermə prosesində risklərin bölüşdürülməsi kimi aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.

ADDA.