AZCON Holding və “AD Ports Group”dan strateji əməkdaşlıq addımı

147

Aprelin 28-də AZCON Holding ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupu (“AD Ports Group”) arasında Azərbaycanda limanlar, gəmiçilik, logistika və rəqəmsal ticarət həlləri üzrə strateji əməkdaşlıq imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

İmzalanmış memorandum Azərbaycanda investisiya imkanlarının araşdırılması, eləcə də inteqrasiya olunmuş nəqliyyat və logistika infrastrukturu, o cümlədən gəmiçilik və rəqəmsal həllər sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tərəflər arasında strateji çərçivə yaradır.

AZCON Holding-in şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “AD Ports Group” arasında iki ədəd konteyner gəmisinin tikintisi və satışı ilə bağlı müqavilə də imzalanıb. Müqaviləyə əsasən, Xəzər dənizində fəaliyyət göstərmək üçün 780 TEU tutumlu iki konteyner gəmisinin inşası nəzərdə tutulur.

Bu gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığın optimallaşdırılması məqsədilə əsas marşrutlara buraxılacaq.

Qeyd edək ki, AZCON Holding Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin İqtisadi Alt Komitəsinin üzvüdür. Bu çərçivədə keçirilən Komitənin ikinci iclası zamanı tərəflər arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına dair Yol Xəritəsi də müzakirə olunub.