Liviya sahillərində miqrant faciəsi: 38 ölü

76

Liviya prokurorluğu Tobruk sahilləri yaxınlığında baş vermiş və 38 nəfərin ölümü ilə nəticələnmiş faciədən sonra qeyri-qanuni miqrant daşımaları ilə məşğul olan cinayətkar şəbəkənin axtarışı üçün təhlükəsizlik orqanlarına göstəriş verib.

Aralıq dənizində qayığın batması nəticəsində Misir, Sudan və Efiopiya vətəndaşları həlak olub.

Baş Prokurorluğun məlumatına görə, miqrantlar köhnə və yararsız qayıqla açıq dənizə çıxarılıb, lakin qayıq təyinat nöqtəsinə çata bilməyərək batıb.

Bundan əvvəl isə Tobruk sahillərində üç gün dənizdə qalan miqrant qrupu, o cümlədən üç qayıqda olan 116 nəfər xilas edilib.

Faktla bağlı Tobruk prokurorluğunda araşdırma başlanılıb. İnsan alveri əməliyyatının təşkilində iştirak edən şəxslər müəyyən edilib və 300 min dinar məbləğində qanunsuz vəsait aşkar olunub.

İstintaq nəticəsində qeyri-qanuni maliyyə axınlarına cavabdeh şəxslərin də müəyyən edildiyi, şəbəkə üzvlərinin saxlanılması barədə göstəriş verildiyi bildirilib.

Son günlər Tobruk sahillərindən çoxsaylı miqrant qayıqlarının yola düşdüyü müşahidə olunub. Onların bir qismi batıb, digərləri isə Liviya ərazi sularını tərk etməzdən əvvəl saxlanılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının son məlumatına görə, son günlər Aralıq dənizində 180-dən çox insan ölüb və ya itkin düşüb. 2026-cı il üzrə ümumi itkilərin sayı isə min nəfərə yaxınlaşır.