Hörmüz boğazında gəmi hərəkətinə tətbiq olunan məhdudiyyətlər qlobal enerji bazarına və regional iqtisadiyyata ciddi təsir göstərməkdə davam edir.
Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, neftin qiyməti 125 dollara yüksələrsə, dövlət büdcəsindən əlavə 25 milyard dollar ayrılmalı olacaq. Onun sözlərinə görə, bu, Türkiyə iqtisadiyyatına ciddi zərbə vurmaqla yanaşı, böhranın davam etməsi bütün Avropanın iqtisadi gələcəyini də risk altına qoyur.
Körfəz regionundan açıq dənizə çıxış üçün əsas marşrut olan Hörmüz boğazında hərəkətin məhdudlaşması dünya iqtisadiyyatında böyük çətinliklər yaradıb.
Bununla belə, boğazın tamamilə bağlanmadığı müşahidə olunur. Belə ki, ötən gün Yaponiyanın “Idemitsu Kosan” şirkətinə məxsus, 2 milyon barel tutumlu tanker Səudiyyə Ərəbistanından neft yükləyərək həm İran, həm də ABŞ tərəfinin icazəsi ilə boğazdan maneəsiz keçib.
Mövcud vəziyyət nəticəsində Körfəz ölkələrinin — İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin gündəlik neft ixracı 12,32 milyon bareldən 7,83 milyon barelə düşüb.
Regional gərginlik səbəbindən Körfəz ölkələrinin neft gəlirlərində 15,27 milyard dollara qədər itki proqnozlaşdırılır. Boğazda gözləyən gəmilərdəki neft və mayeləşdirilmiş təbii qazın (LNG) ümumi dəyərinin isə ən azı 10,7 milyard dollar olduğu bildirilir.
Bazara çıxarıla bilməyən neft və qaz ehtiyatları tədarükdə kəsir yaradaraq qiymət artımını daha da sürətləndirir.
Eyni zamanda qeyd olunur ki, yaranmış vəziyyətdən ən çox zərər çəkən tərəflər məhz münaqişə iştirakçılarıdır.
İranda benzin qıtlığının kritik həddə çatdığı və ölkədə cəmi 12 günlük ehtiyatın qaldığı bildirilir. ABŞ-də də enerji və istehlak mallarının qiymətlərində artım müşahidə olunur.
Bütün bunlara baxmayaraq, tərəflərin mövqelərində hələlik geri addım müşahidə edilmir.





