Azərbaycan Dövlət Dəniz Akademiyasında “Bilik yarışı – 2026” uğurla keçirilib

123

ADDA-da Akademiyanın yaranmasının 30 illik yubileyi və Azərbaycanda dənizçilik təhsilinin 145 illiyi münasibətilə təşkil olunmuş “Bilik yarışı – 2026” intellektual müsabiqəsi 28.04.2026-cı il tarixində ADDA-nın ikinci tədris binasında uğurla keçirilmişdir.

Yarış təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq təşkil olunub və müsabiqədə Akademiyanın müxtəlif ixtisaslarını və təhsil səviyyələrini təmsil edən 11 komanda iştirak edib. İntellektual yarış seçim, yarımfinal və final mərhələlərindən ibarət olmaqla təşkil edilərək tələbələrin ümumpeşə biliklərinin yoxlanılması, analitik düşüncə qabiliyyətinin inkişaf etdirilməsi və komanda işi bacarıqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Münsiflər heyətinin yekun qərarına əsasən:

I yerə – “We are winners” komandası;

II yerə – “Volfram” komandası;

III yerə – “Kompas” komandası layiq görülmüşlər.

Yarışın sonunda Akademiyanın rektoru vəzifəsini icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev qalib komandaları diplom və pul mükafatı ilə, digər iştirakçıları isə sertifikatlarla təltif edib və xatirə şəkli çəkdirib.

Eldar Qocayev çıxışında bildirib ki, bu cür intellektual yarışlar tələbələrin bilik və bacarıqlarının inkişafında, eləcə də Akademiyada sağlam rəqabət mühitinin formalaşmasında mühüm rol oynayır və ADDA-nın yüksək ixtisaslı, analitik düşüncəyə malik mütəxəssislər yetişdirdiyini bir daha nümayiş etdirir.

Tədbir Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi himninin səsləndirilməsi ilə başa çatıb.

ADDA.