İsrail Hərbi-Dəniz Qüvvələri 58 gəmidən 15-ni nəzarətə götürüb

75

“The Times of Israel” qəzetinin armada təşkilatçılarına istinadən yaydığı məlumata görə, İsrail Hərbi-Dəniz Qüvvələri ümumilikdə 58 gəmidən 15-ni nəzarətə götürüb.

“15 gəmi ələ keçirilib, göyərtədə olan şəxslərin taleyi və yerləşdikləri yer hazırda məlum deyil”.

Bundan əlavə, təşkilatçılar bir neçə gəmi ilə əlaqənin kəsildiyini, nəticədə ekipajların koordinasiya və təhlükə siqnalları göndərmək imkanını itirdiyini iddia ediblər.

Gəmilərin ələ keçirilməsi əməliyyatının Yunanıstanın Krit adası yaxınlığında həyata keçirildiyi qeyd olunur.

İsrail Hərbi-Dəniz Qüvvələri missiyanın qalan iştirakçılarını geri dönməyə çağırıb və alternativ olaraq humanitar yardımın Aşdod limanına çatdırılmasını təklif edib. Burada yükün Qəzzaya göndərilməzdən əvvəl yoxlanılacağı bildirilib.

Hərbi-Dəniz Qüvvələri xəbərdarlıq edib ki, marşrutun davam etdirilməsi halında qalan gəmilərin də dayandırılması mümkündür.

Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats bu həftə sonu Qəzza sahillərində blokadanı yarmağa cəhd edəcəyi gözlənilən propalestinə yönlü flotiliya üçün vəsait toplayan təşkilatlara qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb.