Hörmüz boğazı ətrafında yeni koalisiya təşəbbüsü

74

ABŞ hakimiyyəti digər dövlətlərə Hörmüz boğazından naviqasiya azadlığına zəmanət vermək məqsədi daşıyan yeni beynəlxalq koalisiyanın tərkibinə daxil olmaq barədə təklif göndərib.

Bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

Dövlət Departamenti ABŞ-nin xaricdəki diplomatik nümayəndəliklərinə dəniz gəmiçiliyi sahəsindəki yeni təşəbbüs haqqında materiallar göndərib və diplomatlara xarici ölkələrin hökumətlərini onu dəstəkləməyə inandırmağı tapşırıb. Nəşrin yazdığına görə, Vaşinqtonun rəhbərliyi altında yaradılan koalisiya iştirakçılar arasında kəşfiyyat məlumatlarının mübadiləsinə, diplomatik fəaliyyətlərin koordinasiyasına və sanksiya rejiminin icrasına nəzarət edilməsinə kömək etmək məqsədi daşıyır.

Formalaşdırılan birliyin hərbi xarakter nəzərdə tutmamasına baxmayaraq, səfirliklərə göndərilən sənəddə Dövlət Departamenti xarici dövlət nümayəndələrinə “diplomatik və/və ya hərbi tərəfdaşlar” rolunda çıxış etməyi təklif edib.

Daha əvvəl ABŞ gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün beynəlxalq koalisiyanın yaradılması ilə bağlı analoji çağırışla çıxış etmişdi. Martın ortalarında ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, bu strateji su yolu vasitəsilə həyata keçirilən neft tədarükündən asılı olan dövlətlər ticarət gəmilərinin maneəsiz keçidinə kömək etməyə borcludurlar. O xüsusən Böyük Britaniya, Çin, Cənubi Koreya, Fransa və Yaponiyaya müvafiq çağırışla müraciət etmişdi. Bununla belə, Amerika kütləvi informasiya vasitələri qeyd edib ki, Vaşinqtonun ilkin təşəbbüsü lazımi dəstək almamışdı. Daha sonra Ağ Evin rəhbəri İran məsələsinin həllində ABŞ-yə kömək lazım olmadığını bildirmişdi.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.