Körfəz böhranı neft qiymətlərini yüksəldə bilər

186

ABŞ–İran qarşıdurması fonunda qlobal enerji bazarlarında gərginlik artır və neft qiymətlərində yüksəliş tendensiyasının davam edəcəyi gözlənilir. Tərəflərin kəskin bəyanatları və qarşılıqlı hədələri Körfəz regionunda vəziyyətin yaxın zamanda sabitləşəcəyinə dair nikbin proqnozlara əsas vermir. Bu isə Hörmüz boğazında məhdudiyyətlərin davam etməsi və qiymətlərin artım tempinin sürətlənməsi riskini artırır.

Bu gün London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 12,6 faiz artaraq 113 dollardan 126,3 dollara, Nyu-York birjasında isə WTI markalı neftin qiyməti 10,5 faiz yüksələrək 96 dollardan 110,5 dollara çatıb.

Azərbaycanın “Azeri Light” markalı neftinin bir bareli isə 6,43 dollar və ya 5,55 faiz artaraq 122,32 dollar olub. Birja treyderləri yaxın günlərdə bu marka üzrə qiymətlərin daha da yüksələcəyini istisna etmirlər.

İran parlamentinin sədri Məhəmməd Qalibaf bildirib ki, ABŞ Hörmüz boğazını blokadada saxlamaqla dünya bazarında neftin qiymətini süni şəkildə artırır. Onun fikrincə, bu proses nəticəsində qiymətlər 140 dollaradək yüksələ bilər.

Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin Prezident Donald Trampa Yaxın Şərqdə mümkün hərbi ssenarilər barədə təqdimat verəcəyi ilə bağlı xəbərlər fonunda birjalarda qiymətlərdə ani artım müşahidə olunub.

Məlumata görə, Pentaqon Yaxın Şərqə “Dark Eagle” raket sistemlərinin göndərilməsi məsələsini gündəmə gətirib, həmçinin regiondakı hərbi bazalara əlavə uzaqmənzilli silahların yerləşdirilməsi müzakirə olunur.

ABŞ administrasiyasının müxtəlif ölkələrə ünvanladığı müraciətlərdə İrana qarşı mümkün koalisiyaya dəstək məsələsinin qaldırıldığı bildirilir. Digər tərəfdən, İran rəsmiləri də sərt bəyanatlarla çıxış edərək regiondakı ABŞ hərbi varlıqlarını hədəf ala biləcəklərini qeyd edirlər.

Ekspertlər hesab edirlər ki, mövcud gərginlik fonunda münaqişənin genişlənməsi ehtimalı qalır və bu halda neft qiymətlərində artım davam edə bilər.