Enerji axınında kəskin azalma: Hörmüz göstəricisi çöküb

150

Hörmüz boğazından neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü hazırda normal səviyyənin cəmi 4 faizinə düşüb.

Bu proqnozla ABŞ-nin aparıcı investisiya banklarından biri olan “Goldman Sachs” çıxış edib.

Bankın analitiklərinin fikrincə, boğazda blokada davam edərsə, İranın məhdud ixrac imkanları və saxlama tutumunun çatışmazlığı tədarükdəki fasilələri daha da dərinləşdirə bilər. Eyni zamanda, dayandırılmış ABŞ–İran danışıqları və davam edən gərginlik enerji axınında əlavə sıxıntı yaradır.

Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, ABŞ–İsrail–İran münaqişəsinin başlanmasından bəri məhdudiyyətlər səbəbindən Hörmüz boğazında gəmi keçidləri 95,3 faiz azalıb.

Mövcud vəziyyət qlobal neft bazarına ciddi təsir göstərib. “Brent” markalı xam neftin qiyməti 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə yüksəlib. Hazırda “Brent” 121 dollar, WTI (Light) isə 108 dollar səviyyəsində satılır.

Münaqişədən əvvəl təxminən 70 dollar olan “Brent” nefti 9 həftəlik dövr ərzində 70 faizə yaxın bahalaşıb, “Light” markalı neft isə 66 faizdən çox artım nümayiş etdirib.

Qiymət artımına həm ABŞ, həm də İran tərəfinin sərt bəyanatları və bölgədə gərginliyin davam edəcəyi ilə bağlı gözləntilər təsir göstərir.

Ekspertlərin fikrincə, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxışdan sonra elan etdiyi hasilat artımı planı qısa müddətli sıxıntını kompensasiya etməyə kifayət etmir və təsirlər daha çox orta və uzunmüddətli dövrdə mərhələli şəkildə görünəcək.

Neft və LNG daşınması üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazındakı gərginlik isə Yaxın Şərqdəki münaqişə başlayandan bəri enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırmaqda davam edir.