Kanadadan Arktika addımı: yeni patrul gəmisi suya salındı

98

Kanada milli gəmiqayırma strategiyası çərçivəsində donanmasını yeniləməyə davam edir. Bu istiqamətdə növbəti addım olaraq gələcəkdə “CCGS Donjek” adlanacaq ilk Arktika və dəniz patrul gəmisi (AOPS) Halifaks tərsanəsində uğurla suya buraxılıb.

“Irving Shipbuilding” tərəfindən inşa edilən gəmi 103 metr uzunluğa və 6677 ton su tutumuna malikdir. Çoxməqsədli platforma kimi layihələndirilən gəmi Arktika sularında buzqırma, axtarış-xilasetmə, balıqçılıq patrulu və humanitar yardım missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Gəmi helikopter meydançası, tibbi mərkəz və elmi araşdırmalar üçün 20 tonluq kran ilə təchiz olunub. Eyni zamanda, sahil icmalarına logistika və təminat dəstəyi göstərmək imkanına malikdir.

Layihə Kanadanın 2025–2026-cı illər büdcəsində müdafiə və təhlükəsizlik sahəsinə ayrılan 63 milyard Kanada dolları həcmində investisiya paketinin tərkib hissəsidir.

Hazırda yanalma körpüsündə son sınaqlara hazırlanan “CCGS Donjek”in 2026-cı ilin sonunda, eyni sinifdən olan “CCGS Sermilik” gəmisinin isə 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.