Qlobal miqyasda artan geosiyasi gərginliklər və iqtisadi transformasiyalar beynəlxalq nəqliyyat-logistika sistemində ciddi dəyişikliklərə səbəb olur və alternativ marşrutların əhəmiyyətini artırır.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Rusiya–Ukrayna müharibəsi fonunda tətbiq olunan sanksiyalar, Yaxın Şərqdəki qeyri-sabitlik və Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar qlobal təchizat zəncirlərinin dayanıqlığını zəiflədib.
Onun sözlərinə görə, bu amillər ənənəvi dəniz marşrutlarında gecikmələrə, xərclərin artmasına və risklərin yüksəlməsinə səbəb olub. Nəticədə yükdaşıyıcılar Afrikanın cənubundan keçən alternativ marşrutlara yönəlir ki, bu da daşınma müddətini əhəmiyyətli dərəcədə uzadır.
Belə bir şəraitdə Orta Dəhliz daha rəqabətqabiliyyətli və etibarlı alternativ kimi ön plana çıxır. Bu marşrutun əsas üstünlüklərindən biri onun daha stabil geosiyasi coğrafiyadan keçməsidir. Azərbaycan isə bu dəhlizdə əsas tranzit qovşağı kimi çıxış edərək Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır.
Ekspert qeyd edib ki, ölkədə son illərdə həyata keçirilən iri infrastruktur layihələri — limanlar, dəmir yolları və avtomobil magistralları Orta Dəhlizin ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.
Xəzər dənizi üzərindən daşımaların genişləndirilməsi də marşrutun effektivliyini artıran əsas amillərdəndir. Yeni bərə və konteyner gəmilərinin istismara verilməsi, liman infrastrukturunun modernləşdirilməsi yüklərin daha sürətli və təhlükəsiz daşınmasına imkan yaradır. Bu kontekstdə “Abu Dhabi Ports” şirkətinin Bakı Gəmiqayırma Zavodunda iri tutumlu konteyner gəmilərinin tikintisinə maraq göstərməsi xüsusi diqqət çəkir.
Ağamirzəyev vurğulayıb ki, Orta Dəhlizə maraq artıq regional çərçivədən çıxaraq qlobal xarakter alır. Astana şəhərində keçirilən beynəlxalq görüşlərdə Sinqapur və digər Asiya və Afrika ölkələrinin iştirakı marşrutun əhəmiyyətinin artdığını göstərir.
Bununla yanaşı, müxtəlif nəqliyyat marşrutlarının inteqrasiyası Orta Dəhlizin strateji dəyərini daha da yüksəldir. Qarakoram magistralı vasitəsilə Mərkəzi Asiyadan Pakistan istiqamətinə açılan yeni xətt bu dəhlizin Hind okeanına qədər uzanmasına imkan yaradır.
Regionda dəniz daşımalarının inkişafı istiqamətində də mühüm addımlar atılır. Qazaxıstan Dəmir Yolları donanmasını genişləndirərək altı ədəd quru yük–konteyner gəmisindən ibarət flotun yaradılmasına başlayıb. Bu çərçivədə dörd gəminin Çində, iki gəminin isə Bakı Gəmiqayırma Zavodunda inşası nəzərdə tutulur.
“Çay–dəniz” tipli bu gəmilər 9900 tonadək dedveytə və 537 TEU-dək tutuma malik olacaq və Xəzər ilə Qara dəniz istiqamətlərində yük axınlarının artmasına əlavə töhfə verəcək.
Ekspertin fikrincə, Çin ilə avtomobil daşımalarının artırılması istiqamətində əldə olunan razılaşmalar da xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın beynəlxalq logistika bazarındakı rolunu genişləndirməklə yanaşı, tranzit gəlirlərinin və xidmət ixracının artmasına şərait yaradacaq.





