Bakı Limanında yeni mərhələ: körpü istifadədə

293

“AZCON Holding”in tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında apardığı modernləşdirmə tədbirləri çərçivəsində mühüm yenilik həyata keçirilib. İndiyədək istifadə olunmayan 7-ci körpü ilk dəfə olaraq aktiv istismara cəlb olunub.

Körpünün texniki imkanları gücləndirilib və burada yük qaldırma gücü 125 ton olan yeni nəsil kran quraşdırılıb. Bu yenilik konteyner və digər yüklərin paralel şəkildə daha çevik idarə olunmasına şərait yaradır.

7-ci körpünün istismara verilməsi liman daxilində əməliyyat axınlarının balanslaşdırılmasına, xüsusilə pik yüklənmə dövrlərində fasiləsiz fəaliyyətin təmin olunmasına imkan verəcək. Nəticədə artan yük axınlarının daha operativ və səmərəli idarə olunması mümkün olacaq.

Bu addım Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu baxımından da xüsusi əhəmiyyət daşıyır. Yeni körpü Orta Dəhliz boyunca yüklərin daha sürətli, etibarlı və proqnozlaşdırıla bilən daşınmasına töhfə verərək Bakı Limanının strateji rolunu daha da gücləndirir.

İtaliya istehsalı olan müasir kranın istifadəyə verilməsi limanın mövcud infrastrukturundan daha effektiv istifadəni təmin edir. Bu, əlavə investisiyalara ehtiyac olmadan ötürücülük qabiliyyətinin artırılmasına, yükaşırma proseslərinin optimallaşdırılmasına və gözləmə müddətlərinin azalmasına imkan yaradır.

Eyni zamanda kranın elektrik enerjisi ilə işləməsi əməliyyatların daha aşağı karbon izi ilə həyata keçirilməsinə şərait yaradır və Bakı Limanının “Eko-Port” yanaşmasını dəstəkləyir.

Görülən işlər nəticəsində limanın illik konteyner aşırma qabiliyyətinin 260 min TEU səviyyəsinə çatdırılması planlaşdırılır. 7-ci körpünün istifadəyə verilməsi bu hədəfə daha qısa müddətdə nail olmaq üçün əsas əməliyyat addımlarından biri hesab olunur.

Ümumilikdə, yeni körpü və müasir kranın istismara verilməsi Bakı Limanının əməliyyat çevikliyini artırmaqla yanaşı, onu daha səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli logistika mərkəzinə çevirir. Bu isə Azərbaycanın tranzit potensialının genişlənməsinə və regionda strateji nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.