Dünyanın konteyner daşımaları üzrə ən böyük gəmiçilik şirkətlərindən biri olan “Mediterranean Shipping Company” (MSC) Hörmüz boğazından yan keçəcək yeni logistika marşrutu hazırlayır.
Şirkət Yaxın Şərqdə davam edən təhlükəsizlik riskləri və təchizat zəncirində yaranan çətinliklər fonunda Avropa ilə Körfəz regionunu birləşdirən alternativ daşımalar sistemini formalaşdırmağı planlaşdırır.
Layihəyə əsasən, yeni marşrut üzrə daşımalar Belçikanın Antverpen limanından başlayacaq və Almaniya, İtaliya, Litva və İspaniya limanlarını əhatə edəcək. Daha sonra yüklər Süveyş kanalı vasitəsilə Qırmızı dənizə yönələcək və Səudiyyə Ərəbistanındakı Ciddə və Kral Abdullah limanlarına çatdırılacaq.
Buradan yüklərin quru yolu ilə Dammam şəhərinə daşınması, daha sonra isə kiçik gəmilər vasitəsilə Əbu-Dabi, Dubayın Cəbəl Əli limanı, Bəhreyn, İraq və Küveyt daxil olmaqla Körfəz regionunun əsas limanlarına paylanması nəzərdə tutulur.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Hörmüz boğazında yaranan məhdudiyyətlər və geosiyasi gərginlik iri logistika şirkətlərini daha uzun, daha baha və karbon emissiyası baxımından daha ağır alternativ marşrutlara yönəldir. Bu isə qlobal ticarət axınında ciddi struktur dəyişikliklərə səbəb ola bilər.





