Antverpen yaxınlığında, Şelda çayının mühüm gəmiçilik yolunda batmış “Sola Gratia” yük gəmisi aparılan xilasetmə əməliyyatı nəticəsində sudan qaldırılıb.
86 metr uzunluğa malik gəmi aprelin 17-də qum daşıma əməliyyatı zamanı lövbər dirəklərinə çırpılaraq təxminən 15 metr dərinliyə batmışdı.
Xilasetmə işləri “Multraship Salvage” və “Herbosch-Kiere” şirkətləri tərəfindən həyata keçirilib. Güclü cərəyanların müşahidə olunduğu ərazidə aparılan əməliyyatın ən riskli mərhələsi gəminin qaldırılması zamanı onun ortadan qırılma ehtimalı olub.
Riskin qarşısını almaq məqsədilə əvvəlcə gəmidəki təxminən 1600 ton qum nasoslarla boşaldılıb, daha sonra yük 3 fərqli nöqtədə yerləşdirilən polad troslar arasında dəqiq balanslaşdırılaraq qaldırma prosesi icra olunub.
Bazar günü iki üzən kran və dalğıc qruplarının iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində gəmi su səthinə çıxarılıb. Lakin gövdəsində ciddi zədələr aşkar edildiyi üçün gəmi hələlik troslarda sabitlənmiş vəziyyətdə saxlanılır.
Hadisə zamanı heyətin xəsarət almadığı bildirilir. Hazırda gəminin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması və araşdırmalar davam etdirilir.
Seanews.az





