Gəmi qəzasına görə cərimə

71

Yeni Zelandiya məhkəməsi “KiwiRail” bərə operatorunu sərnişinlərin həyatını təhlükəyə atdığına görə 400 min Yeni Zelandiya dolları (təxminən 235 min ABŞ dolları) məbləğində cərimələyib.

Xəbər verir ki, bu qərar 2024-cü ilin iyununda “Aratere” bərəsinin limanı tərk edərkən heyətin avtopilot sistemini vaxtından əvvəl işə salması nəticəsində quruya oturması ilə bağlıdır.

“Maritime NZ” tərəfindən aparılan araşdırma göstərib ki, qəzaya səbəb yeni quraşdırılmış sükan idarəetmə sistemindəki nasazlıq deyil, heyətin bu sistemi idarə etməyi bilməməsidir. Müstəntiqlər şirkəti yeni avadanlıqların tətbiqi zamanı heyətə lazımi təlim keçməməkdə və tanışlıq üçün kifayət qədər vaxt ayırmamaqda təqsirli biliblər.

25 illik xidmətdən sonra keçən ilin avqustunda istismardan çıxarılan 184 metrlik “Aratere” bərəsi tez-tez texniki nasazlıqlar və mühərrik qəzaları ilə gündəmə gəlirdi. Həmçinin bu, “KiwiRail” şirkətinin ilk cəriməsi deyil, operator ötən il başqa bir bərəsində baş verən və 800 nəfərin təhlükə ilə üzləşdiyi enerji kəsintisinə (blackout) görə də məsuliyyətə cəlb olunmuşdu. Həmin vaxt qəzaya səbəb kimi mühərrik hissələrinin vaxtında dəyişdirilməməsi və yarıtmaz texniki qulluq göstərilmişdi. Hazırda şirkət fəaliyyətini digər iki gəmisi ilə davam etdirir.

Seanews.az