Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Elm – təhsil – istehsalat” diskussiya klubunun növbəti görüşü gəmiçilikdə süni intellektin (Sİ) tətbiqi perspektivlərinin müzakirəsinə və bu sahədə akademiya ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə həsr olunub.
Görüşdə ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev çıxış edərək gəmilərin inşası, istismarı və idarə olunmasında süni intellektin rolundan danışıb. O, avtomatlaşdırılmış sistemlərin qərarvermə imkanları, dəniz əməliyyatlarının operativ idarə edilməsi və “yaşıl gəmiçilik” konsepsiyası ilə Sİ-nin əlaqəsi kimi mövzulara toxunub.
Professor Nizami İsmayılov “Süni intellektin gəmiçilik sahəsində tətbiqi” mövzusunda təqdimatla çıxış edərək ölkədə innovasiya istiqamətində görülən işlər və dəniz nəqliyyatında Sİ texnologiyalarının gələcək imkanlarını diqqətə çatdırıb.
Bakı Gəmiqayırma Zavodunun nümayəndəsi Hasib Talıbov “Xankəndi” gəmisində tətbiq olunan süni intellekt və avtomatlaşdırma elementləri barədə məlumat verib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun nümayəndəsi Vüsal Məmmədov isə innovativ proqram təminatlarında yarana biləcək texniki risklərə diqqət çəkib.
Çıxışlarda gələcək dəniz mütəxəssislərinin süni intellekt sahəsində praktiki bacarıqlara yiyələnməsinin vacibliyi xüsusi vurğulanıb.
ADDA.







