Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Dəniz nəqliyyatının inkişafı perspektivləri” mövzusunda tələbə və gənc tədqiqatçıların elmi-texniki konfransında fərqlənən iştirakçılar mükafatlandırılıb.
Konfrans 7 elmi bölmə üzrə təşkil olunub və ümumilikdə 167 elmi məruzə təqdim edilib. Məruzələr bölmə iclaslarında müzakirə olunaraq qiymətləndirilib.
Nəticələrə əsasən, elmi yenilik, mövzuların aktuallığı və təqdimat keyfiyyəti ilə seçilən 28 tələbə və gənc tədqiqatçıya sertifikat təqdim olunub.
Tədbirdə çıxış edən ADDA-nın rektor vəzifəsini icra edən Eldar Qocayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev elmə, təhsilə və gənclərin inkişafına hər zaman xüsusi önəm verib.
O qeyd edib ki, gənclərin elmi potensialının inkişafı və innovativ təşəbbüslərinin dəstəklənməsi bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Eldar Qocayev konfransda təqdim olunan məruzələrin aktual mövzuları əhatə etdiyini vurğulayaraq, tələbə və gənc tədqiqatçıların dəniz nəqliyyatı sahəsində elmi araşdırmalara artan marağını yüksək qiymətləndirib.
Sonda fərqlənən iştirakçılarla xatirə şəkilləri çəkdirilib.
ADDA.














