ABŞ administrasiyasının Kuba iqtisadiyyatının bir sıra strateji sektorlarına qarşı yeni məhdudiyyətlər tətbiq etməsindən sonra dünyanın aparıcı konteyner daşıyıcılarından olan Almaniyanın “Hapag-Lloyd” və Fransanın “CMA CGM” şirkətləri bu ölkəyə yük daşımalarını dayandırmaq qərarı veriblər.
Məlumata görə, ABŞ prezidentinin imzaladığı yeni fərman Kuba iqtisadiyyatının energetika, müdafiə, metallurgiya, dağ-mədən, maliyyə və təhlükəsizlik sektorlarında fəaliyyət göstərən qurumların aktivlərinin dondurulmasını nəzərdə tutur. Gəmiçilik sektoru sənəddə birbaşa qeyd edilməsə də, mümkün sanksiya riskləri və hüquqi məhdudiyyətlər beynəlxalq daşıyıcı şirkətləri ehtiyatlı davranmağa vadar edib.
“Hapag-Lloyd” şirkəti müştərilərinə ünvanladığı açıqlamada Kubaya və Kubadan yeni yük sifarişlərinin qəbulunun müvəqqəti dayandırıldığını bildirib. Şirkət hazırda fəaliyyətin gələcək şərtlərini qiymətləndirdiyini qeyd edib.
“CMA CGM” isə ABŞ-nin yeni qərarından sonra növbəti bildirişədək Kubaya yönələn bütün bukinqlərin dayandırıldığını açıqlayıb.
Ekspertlər hesab edirlər ki, bu qərarlar Kuba ilə beynəlxalq ticarət və logistika əlaqələrinə əlavə təzyiq yarada bilər.
Seanews.az





