İsrail tərəfindən saxlanılan “Sumud” humanitar flotiliyasının iştirakçılarının təxliyəsi məqsədilə Türkiyədən İsrailin Ramon hava limanına üç xüsusi reys göndəriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə açıqlama verib.
Bildirilib ki, reyslər vasitəsilə saxlanılan Türkiyə vətəndaşları, eləcə də digər ölkələrdən olan fəallar İstanbula gətiriləcək. Ümumilikdə 400-dən çox sərnişin tutumuna malik təyyarələrin təxliyə olunmaq istəyən bütün şəxsləri daşıması nəzərdə tutulur.
Məlumata əsasən, təyyarələrin İstanbul hava limanına cümə axşamı axşam saatlarında enməsi planlaşdırılır.
İsrail Xarici İşlər Nazirliyi mayın 19-da “Sumud” flotiliyasına aid bütün gəmilərin dayandırıldığını və ümumilikdə 430 fəalın nəzarətə götürüldüyünü açıqlamışdı. Flotiliyada iştirak edən şəxslərdən 78-i Türkiyə vətəndaşıdır.





