Dəniz təhsilinə maraq artır

192

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndələri Şəki şəhər 5 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün peşəyönümlü təqdimat təşkil ediblər.

Tədbirdə Şəki şəhərinin 5, 7 və 10 nömrəli məktəblərinin, həmçinin Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdləri iştirak ediblər.

Məktəbin direktoru Filyar İbrahimova çıxışında dənizçilik peşəsinin ölkənin iqtisadi inkişafında rolunu vurğulayaraq, şagirdlərin beynəlxalq ixtisaslara marağının artmasını müsbət hal kimi qiymətləndirib.

Daha sonra ADDA nümayəndələri Akademiyanın tədris imkanları, beynəlxalq standartlara uyğun proqramları və məzunların dünya dənizçilik sektorundakı fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, ADDA diplomları bir sıra ölkələrdə tanınır və məzunlara beynəlxalq sularda işləmək imkanı yaradır.

Tədbir zamanı Akademiyanın simulyatorları və tədris bazasını əks etdirən videoçarx nümayiş etdirilib, elmi-tədqiqat və innovasiya layihələri barədə məlumat verilib.

Sonda tələbə Günay Kərimli Akademiyada tələbə həyatı, sosial imkanlar və təqaüd proqramları barədə öz təcrübəsini bölüşüb.

#ADDA