Bayraktar: “Abşeron” əməkdaşlığımıza yeni təkan verdi

93

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Bakı-Tbilisi-Ceyhan, TANAP və Bakı-Tbilisi-Ərzurum kimi strateji layihələrlə təməli qoyulan Türkiyə–Azərbaycan enerji əməkdaşlığı Bakı Enerji Həftəsi çərçivəsində imzalanan “Abşeron” qaz sazişi ilə daha da güclənib.

Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək qeyd edib ki, Bakı Enerji Həftəsi zamanı həmkarları və beynəlxalq şirkətlərin nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirilib, müxtəlif sessiyalarda isə Türkiyənin enerji sahəsində baxışı təqdim olunub.

A.Bayraktar vurğulayıb ki, Türkiyənin əsas prioriteti etibarlı tərəfdaş kimi həm ölkənin, həm də regionun enerji təchizatının təhlükəsizliyinə uzunmüddətli töhfə verməkdir.

“Regional dayanıqlılığımızı artırmaq üçün təbii qaz və elektrik enerjisi sahələrində qonşularımızla olan əlaqələri gücləndirməyə qətiyyətlə davam edəcəyik”, – deyə nazir bildirib.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində SOCAR, “TotalEnergies”, XRG və BOTAŞ arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi nəticəsində hasil olunacaq təbii qazın bir hissəsinin Türkiyə bazarına satışı ilə bağlı uzunmüddətli saziş imzalanıb. Razılaşmaya əsasən, hasilatın 50 faizini təşkil edən 30 milyard kubmetr təbii qaz 15 il müddətində Türkiyəyə tədarük olunacaq.

Bayraktar paylaşımında bildirib: “Türkiyə və Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan, TANAP və Bakı-Tbilisi-Ərzurum kimi vizyon layihələrlə yaratdığımız güclü bağı, bu gün Bakıda şahidi olduğumuz Abşeron qazı sazişi ilə daha da irəli səviyyəyə daşıdıq.”