Birrel: AÇG yeni sirləri üzə çıxarır

80

“Əsrin müqaviləsi”nin imzalanmasından (1994) bu günə qədər “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ixrac üçün təxminən 4,6 milyard barel neft hasil edilib.

Bu barədə BP-nin (British Petroleum) hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsində çıxışı zamanı məlumat verib.

O bildirib ki, BP-nin Azərbaycandakı komandasının böyük əksəriyyəti yerli mütəxəssislərdən ibarətdir:

“BP-nin Azərbaycandakı komandasının 90 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır”.

Qordon Birrel əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı son illərdə daha da inkişaf edib və şəhərin “üfüq xətti daha parlaq görünür”.

Onun sözlərinə görə, Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilib:

“Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təməl daşına çevrilib”.

BP rəsmisi AÇG yatağında ilk sərbəst təbii qaz hasilatının başlanmasını mühüm hadisə kimi qiymətləndirib. O qeyd edib ki, AÇG dünyanın ən iri və mürəkkəb yataqlarından biridir və burada həm neftin üst, həm də alt laylarında qeyri-səmt qaz ehtiyatları mövcuddur.

O, həmçinin daha dərin laylarda qaz və su arasında nazik neft qatının aşkar edildiyini bildirib və bunun yüksək texniki hazırlıq tələb etdiyini vurğulayıb.

Q.Birrel qeyd edib ki, yeni qaz sistemlərinin mövcud infrastrukturla inteqrasiyası üfüqi qazma və qabaqcıl geoidarəetmə kimi müasir texnologiyalar sayəsində mümkündür:

“Bu proseslər tam təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməlidir”.