Hantavirus insidentindən sonra ilk reys

100

Göyərtəsində ölümcül hantavirusun And variantının aşkarlanması səbəbindən fəaliyyətini müvəqqəti dayandıran “MV Hondius” kruiz laynerinin yaxın günlərdə yenidən istismara qaytarılması planlaşdırılır.

Denizxeber.az bildirir ki, gəminin operatoru olan “Oceanwide Expeditions” şirkəti səfərləri 13 iyundan etibarən bərpa etməyi nəzərdə tutur. İlk ekspedisiya Norveçin Şpitsbergen arxipelaqındakı Lonqyirbyen şəhərindən başlayacaq və Arktika marşrutu üzrə həyata keçiriləcək.

Hadisədən sonra Rotterdam limanına gətirilən gəmidə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. GGD Rotterdam Rijnmond səhiyyə qurumunun mütəxəssisləri ilkin yoxlamalardan sonra əlavə sanitar tədbirlərin görülməsini tövsiyə ediblər. Son qiymətləndirmələr nəticəsində bütün tələblərin yerinə yetirildiyi və gəminin yenidən istismarına maneə yaradan hər hansı riskin qalmadığı bildirilib.

Qeyd edək ki, And hantavirusu əsasən gəmiricilər vasitəsilə yayılan və ağır tənəffüs çatışmazlığına səbəb ola bilən təhlükəli virus növüdür. Bununla belə, səlahiyyətli qurumların açıqlamalarına görə, həyata keçirilən dezinfeksiya və nəzarət tədbirlərindən sonra sərnişinlər və ekipaj üçün əlavə təhlükə müəyyən edilməyib.

Hadisə kruiz sənayesində bioloji təhlükəsizlik və sanitar nəzarət prosedurlarının əhəmiyyətini bir daha gündəmə gətirib.