2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki quru yük gəmisi — “Natra” və “Zirkon” — pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində ümumilikdə 5 dənizçinin həlak olduğu bildirilir.
Məlumata görə:
- “Natra” gəmisinə 4 PUA zərbəsi endirilib, 2 nəfər ölüb, yanğın söndürülüb və gəmi su üzərində qalıb.
- “Zirkon” gəmisinə də 4 zərbə dəyib, 3 nəfər həlak olub, ekipaj xilasedici qayıqlarla gəmini tərk edib, yanğın isə davam edib.
Denizxeber.az bildirir ki, hər iki gəmidə ümumilikdə 26 dənizçi olub və onların Azərbaycan vətəndaşları olduğu qeyd edilir. Gəmilər isə Beliz və Palau bayraqları altında üzən, xarici şirkətlərə məxsus gəmilərdir.
Sağ qalanlar ərazidən keçən digər gəmilər tərəfindən xilas edilərək Yeysk limanına aparılıb. Zədələnmiş gəmilərin yedəyə alınması üçün əməliyyatlar başladılıb.





