İyunun 5-nə keçən gecə Azov dənizində iki yük gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarından biri Neftçala rayon sakini, 50 yaşlı Rəcəb Əhədovdur.
Denizxeber.az bildirir ki, Baku TV-yə açıqlama verən mərhumun atası Firudin Əhədov oğlunun son danışığını xatırlayıb.
Onun sözlərinə görə, R.Əhədov son dəfə ailəsi ilə əlaqə saxlayarkən vəziyyətinin yaxşı olduğunu bildirib və narahat olmamağı tapşırıb:
“Sonuncu dəfə danışanda hər şeyin qaydasında olduğunu dedi və narahat olmamağımı tapşırdı. Yük gözlədiklərini söylədi. Yola düşəndə xəbər edəcəyini demişdi. Bu, axırıncı söhbətimiz oldu. Bu gün saat 10-dan sonra isə bu acı xəbəri aldıq”, – deyə o bildirib.

Qeyd edək ki, hadisə nəticəsində göyərtəsində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki gəmi vurulub, 5 nəfər həlak olub. Araşdırmalar davam edir.





