Kapitan hadisənin təfərrüatlarını açıqladı

110

Heyət üzvlərinin əksəriyyəti Azərbaycan vətəndaşlarından ibarət olan “Vasili Tatişev” gəmisinin kapitanı Əmir Rzayev Azov dənizində baş verən son hücumlar və dənizçilərin üzləşdiyi vəziyyətlə bağlı açıqlama verib.

Denizxeber.az İTV-yə istinadən xəbər verir ki, kapitanın sözlərinə görə, hücuma məruz qalan “Natra” və “Zirkon” gəmiləri Berdyansk və ya Mariupol limanlarına deyil, Rostova buğda daşımaq üçün hərəkət edirmiş.

Onun bildirdiyinə görə, həmin limanlar faktiki olaraq yararsız və ya mübahisəli ərazilərdə yerləşdiyindən, gəmilər sadəcə dəniz marşrutunun bu bölgələrə yaxın hissəsindən keçərək Taqanroq körfəzinə daxil olublar:

“Gecə saat bir radələrində dron hücumları məhz həmin ərazidə baş verdi”, – deyə o bildirib.

Kapitan qeyd edib ki, zərbələr birbaşa gəmilərin yaşayış bölmələrinə yönəlib:

“İlk zərbə kapitanın, ikinci zərbə isə baş mexanikin otağına endirildi. Heyət arasında panika yarandı, bəziləri dənizə atıldı. Təəssüf ki, həlak olanlar arasında kapitan və baş mexanik də var. Onların arasında mənim qrup yoldaşım da olub”.

Ə.Rzayev əlavə edib ki, son dövrlərdə bölgədə təhlükəsizlik riskləri artsa da, dron hücumları əsasən hərbi obyektlər və müəyyən tankerlərlə bağlı olurdu:

“Quru yük gəmilərinə, xüsusilə də digər bayraqlar altında üzən ticarət gəmilərinə hücumlar bizi təəccübləndirdi və dəhşətə gətirdi”, – deyə kapitan vurğulayıb.

O, həmçinin sosial şəbəkələrdə yayılan “qadağan olunmuş limanlara giriş” iddialarını təkzib edərək, dənizçilərin beynəlxalq qaydalara uyğun marşrutlarla hərəkət etdiyini bildirib.

Qeyd edək ki, iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində göyərtəsində 25 Azərbaycan vətəndaşının olduğu “Natra” və “Zirkon” gəmilərinə dron hücumları edilib. Hadisə nəticəsində 5 nəfər həlak olub.