Beynəlxalq Təsnifat Cəmiyyəti ABS (American Bureau of Shipping) Beynəlxalq Dəniz Təşkilatının (IMO) “xalis sıfır emissiya” çərçivəsinə enerji səmərəliliyi kreditlərinin daxil edilməsini təklif edib.
Denizxeber.az bildirir ki, təklifin əsas məqsədi alternativ və aşağı karbonlu yanacaqlara keçid tam formalaşana qədər gəmiçilik sektorunda emissiyaların azaldılmasını sürətləndirməkdir.
ABS hesab edir ki, sənayenin yaşıl yanacaqlara keçidi uzun zaman tələb etdiyindən, bu müddətdə enerji səmərəliliyini artıran tədbirlər üçün karbon kreditlərinin tətbiqi effektiv keçid mexanizmi ola bilər. Təşkilatın məlumatına görə, son on ildə gəmiçilikdə enerji səmərəliliyi 20 faizdən çox artıb və bu sahədə əlavə potensial mövcuddur.
Təklifə əsasən, marşrutların optimallaşdırılması, hava yağlama sistemləri, külək enerjisi ilə dəstək texnologiyaları və süni intellekt əsaslı idarəetmə sistemləri kimi həllər nəticəsində əldə olunan emissiya azalmaları kreditləşdirilə bilər. Artıq qalan kreditlərin isə donanmalar arasında alqı-satqısı nəzərdə tutulur.
ABS-in fikrincə, bu yanaşma yaşıl yanacaqların geniş tətbiqinə qədər sənaye üçün real keçid aləti rolunu oynaya bilər və gəmi sahiblərini emissiyaların azaldılmasına daha aktiv investisiya etməyə təşviq edər.





