Qlobal ticarət marşrutlarının yenidən formalaşması Xəzər regionunun strateji əhəmiyyətini artırıb və Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Hazırda iki ölkə ənənəvi tranzit tərəfdaşlığından kənara çıxaraq ticarət, logistika, enerji və rəqəmsal infrastruktur sahələrində əlaqələri genişləndirir. Tərəflər qarşılıqlı ticarət dövriyyəsini iki dəfə artıraraq 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyirlər.
Denizxeber.az bildirir ki, bu prosesdə əsas rol Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM), yəni Orta Dəhlizə məxsusdur. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən marşrut son illərdə Avrasiyanın ən perspektivli nəqliyyat dəhlizlərindən birinə çevrilib.
Son yeddi ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi beş dəfədən çox artaraq 4,5 milyon tona çatıb. Cari ildə bu göstəricinin 5,2 milyon tona yüksələcəyi, 2029-cu ilədək isə konteyner daşımalarının 77 min TEU-dan 300 min TEU-ya qədər artacağı proqnozlaşdırılır.
2026-cı ilin ilk rübündə yalnız Qazaxıstan ərazisindən Orta Dəhliz vasitəsilə 125 konteyner qatarı keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz çoxdur.
Qazaxıstan Xəzərdəki nəqliyyat imkanlarını genişləndirir. Kurık limanı vasitəsilə yük aşırmaları 22 faiz artaraq 2,45 milyon tona çatıb. Ölkə 2028-ci ilə qədər ticarət donanmasının sayını 18 gəmidən 32 gəmiyə çatdırmağı planlaşdırır.
Azərbaycan da logistika potensialını artırır. Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu il 120 min TEU konteyner emalı ilə rekord göstəriciyə nail olmağı hədəfləyir. Eyni zamanda, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilmiş hissəsinin istifadəyə verilməsi marşrutun illik ötürücülük qabiliyyətini 1 milyon tondan 5 milyon tona yüksəldəcək.
Marşrutun əsas üstünlüklərindən biri sürətdir. Yüklər Çinin Sian şəhərindən Avropa İttifaqının sərhədinə təxminən 13–14 gün ərzində çatdırılır ki, bu da dəniz nəqliyyatından daha sürətli, hava daşımalarından isə daha sərfəlidir.
Bundan əlavə, Azərbaycan və Qazaxıstan gömrük və logistika proseslərinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlığı gücləndirir. Elektron sənəd dövriyyəsi və məlumat mübadiləsi sistemləri tranzit vaxtının azalmasına və yük əməliyyatlarının daha şəffaf həyata keçirilməsinə imkan yaradır.

Azərbaycanlı nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə, infrastruktur layihələrinə yönəldilən iri həcmli investisiyalar Orta Dəhlizi təkcə tranzit marşrutu kimi deyil, həm də region ölkələri arasında daha dərin iqtisadi əməkdaşlığın əsas platforması kimi qiymətləndirməyə imkan verir. Onun sözlərinə görə, limanların, dəmir yollarının, logistika mərkəzlərinin və rəqəmsal infrastrukturun inkişafı Azərbaycan, Qazaxıstan və digər iştirakçı ölkələr arasında ticarət, sənaye kooperasiyası və investisiya əlaqələrinin genişlənməsinə mühüm töhfə verir., Orta Dəhliz artıq regional layihə olmaqdan çıxaraq qlobal nəqliyyat sisteminin vacib hissəsinə çevrilir. Bu marşrutun inkişafı yalnız tranzit gəlirlərini artırmır, həm də Azərbaycan və Qazaxıstan arasında sənaye kooperasiyası, enerji əməkdaşlığı və rəqəmsal inteqrasiyanın dərinləşməsinə şərait yaradır.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollardan artıqdır. Yeni infrastruktur layihələrinin tamamlanması və Orta Dəhlizin imkanlarının genişlənməsi nəticəsində yaxın illərdə bu rəqəmin 1 milyard dollara çatdırılması gözlənilir.




