Ticarət gəmilərinin qorunması üçün: Rumıniya və Bolqarıstan hərəkətə keçdi

64

Rumıniya və Bolqarıstan Qara dənizdə dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə birgə Dəniz Təhlükəsizliyi Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış ediblər. Rumıniyanın xarici işlər naziri Oana Tsoyu layihənin konsepsiyasının artıq hər iki ölkə tərəfindən razılaşdırıldığını bildirib.

Denizxeber.az bildirir ki, nazirin sözlərinə görə, sözügedən mərkəz Rumıniyanın Konstansa və Bolqarıstanın Varna şəhərlərində fəaliyyət göstərəcək. Qurum regionda vəziyyətlə bağlı məlumatlılığın artırılmasına, təhlükələrin birgə təhlilinə və cavab tədbirlərinin əlaqələndirilməsinə xidmət edəcək. Bu təşəbbüs Avropa İttifaqının Qara dəniz strategiyasının tərkib hissəsidir və limanların, sualtı rabitə kabellərinin, enerji infrastrukturunun, eləcə də digər strateji obyektlərin təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Layihənin gələcəkdə regionun digər dövlətləri və beynəlxalq tərəfdaşları üçün də açıq olması nəzərdə tutulur.

Oana Tsoyu əlavə edib ki, mərkəz Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia olunan “kölgə donanması”nın fəaliyyətinin izlənməsinə də kömək edə bilər. Hazırda Rumıniya və Bolqarıstan bu istiqamətdə monitorinq imkanlarının artırılması üzərində işləyirlər. Qara dənizdə təhlükəsizliyin gücləndirilməsi son illərdə Avropa İttifaqının əsas prioritetlərindən birinə çevrilib və yeni təşəbbüs Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və ticarət marşrutlarının təhlükəsizliyinin təmin olunmasına da töhfə verməyi hədəfləyir.