Ankara rəsmən bəyan etdi: Qara dənizdə mülki gəmiyə hücum qəbuledilməzdir

61

Türkiyə Xarici İşlər Nazirliyi Ukrayna ərazisində ölkəsinə məxsus yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilməsi barədə bəyanat yayıb.

Denizxeber.az bildirir ki, hadisə Çornomorsk limanı yaxınlığında baş verib və nəticədə gəmi heyətində olan iki Türkiyə vətəndaşı yaralanıb.

“Bu səhər Ukraynanın Çornomorsk limanı yaxınlığında PUA ilə hücuma məruz qalan, Türkiyəyə məxsus və Panama bayrağı altında üzən gəminin heyətində yer alan iki vətəndaşımızın yaralandığı müəyyən edilib. Vətəndaşlarımızın vəziyyəti Kiyevdəki səfirliyimiz və Odessadakı baş konsulluğumuz tərəfindən yaxından izlənilir”, – bəyanatda deyilir.

Nazirlik bildirib ki, Rusiya-Ukrayna müharibəsində gərginliyin artması nəticəsində Qara dənizdə maraqlara və regional təhlükəsizliyə təhdid yaradan hücumlarla bağlı narahatlıq hər iki tərəfin rəsmi qurumlarının diqqətinə çatdırılır.

“Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması ölkəmizin əsas prioritetlərindən biridir və biz bütün tərəfləri bölgədə gərginliyin azaldılmasına yönəlmiş addımlar atmağa çağırırıq”, – deyə nazirliyin bəyanatında vurğulanıb.