Hidroenergetikada tarixi zirvə fəth olundu!

92

Qlobal miqyasda quraşdırılmış su elektrik stansiyalarının (SES) ümumi gücü ötən ilin sonuna 1469 giqavata (GW) çatıb. Bununla da hidroenergetika dünyada bərpaolunan enerji istehsalı üzrə lider mövqeyini daha da möhkəmləndirib.

Denizxeber.az bildirir ki, bu barədə Beynəlxalq Hidroenerji Assosiasiyasının (IHA) dərc etdiyi illik hesabatda bildirilir. Sənədə əsasən, hidroenerji sektoru enerji təhlükəsizliyinin və suverenliyinin təmin edilməsi istiqamətində yeni strateji dövrə qədəm qoyub.

Nasoslu stansiyalar üçün dönüş nöqtəsi

Ötən il xüsusilə nasosla işləyən su elektrik stansiyası (PSH) layihələri üçün tarixi dönüş nöqtəsi olub. Qlobal PSH gücü ilk dəfə 200 giqavatlıq səddi keçərək 201 giqavata yüksəlib. İl ərzində istifadəyə verilən ümumi 28 giqavatlıq yeni gücün 11,7 giqavatı məhz PSH layihələrinin payına düşüb ki, bu da sözügedən sahədə indiyədək qeydə alınan ən yüksək illik artım göstəricisidir. Ənənəvi su elektrik stansiyalarının qlobal gücü isə hazırda 1269 giqavat təşkil edir.

Hesabat dövründə hidroenergetika sektorunda ümumilikdə 4095 teravat-saat elektrik enerjisi istehsal edilib ki, bu da qlobal tələbatın təxminən 14 faizini ödəyir. Bu həcm qlobal miqyasda külək və Günəş enerjisinin birgə istehsal gücünə bərabərdir. Su elektrik stansiyalarının aktiv istifadəsi sayəsində atmosferə ildə 2,2 milyard ton karbon qazı tullantısının atılmasının qarşısı alınıb. Hazırda qlobal layihə portfelinin ümumi tutumu 1127 giqavatdır və bunun 400 giqavatdan çoxunun tikintisi davam edir.

Məlumat mərkəzləri və şəbəkə çevikliyi

Növbəti 10 ildə saxlama tutumlarının ikiqat artacağı gözlənilsə də, məlumat mərkəzlərinin (data centers) sürətlə artan enerji ehtiyacları bu sektor üçün yeni artım bazarı formalaşdırır. Belə ki, 2024-cü ildə 415 teravat-saat olan qlobal məlumat mərkəzlərinin istehlakının 2030-cu ildə 945 teravat-saata çatacağı proqnozlaşdırılır. Fasiləsiz və aşağıkarbonlu enerji təmin edən hidroenerji bu tələbatın qarşılanmasında kritik rol oynayır. SES-lər artıq sadəcə enerji mənbəyi deyil, həm də tezlik və gərginlik tənzimlənməsi imkanları ilə müasir şəbəkələrin sabitlik mərkəzinə çevrilirlər.

Qlobal reytinqdə lider ölkələr

Çin ötən il sistemə 4,7 giqavat ənənəvi və 7,5 giqavat nasoslu saxlama gücü əlavə etməklə qlobal miqyasda mütləq liderliyini qoruyub. Efiopiya 5,15 giqavat gücə malik “Böyük Efiopiya İntibah bəndi” layihəsi ilə Afrikanın ən böyük elektrik stansiyasına sahib olub. Hindistan isə quraşdırılmış gücünü 4,2 giqavat artıraraq Rusiyanı geridə qoyub və dünyanın 5-ci ən böyük hidroenerji gücü olub.

Avropa qitəsində isə 34 giqavatlıq quraşdırılmış güclə Norveç ilk sıradakı yerini qoruyur. Ümumi qlobal reytinqdə ilk beşlikdə müvafiq olaraq Çin, Braziliya, ABŞ, Kanada və Hindistan qərarlaşıb.