Maskat dəniz ticarətinin bərpası üçün Hörmüzdə yeni marşrut müəyyən edib

52

Oman Sultanlığı Hörmüz boğazından keçmək istəyən bütün ticarət gəmiləri üçün müvəqqəti dəniz dəhlizindən istifadə imkanının yaradıldığını rəsmən elan edib.

Denizxeber.az Omanın rəsmi xəbər agentliyinə (ONA) istinadla bildirir ki, bu qərar qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçilik azadlığının tam təmininə xidmət edir.

Məlumata görə, yeni yaradılmış müvəqqəti dəniz dəhlizindən istifadəyə görə gəmilərdən heç bir keçid haqqı və ya əlavə rüsum tutulmayacaq. Rəsmi Maskat bu humanitar və logistik addımın ABŞ və İran arasında regionda gərginliyin azaldılmasını nəzərdə tutan diplomatik razılaşmaların nəticələrinə tam uyğun olaraq atıldığını bəyan edib.

Oman hakimiyyəti vurğulayıb ki, dəniz dəhlizi BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə sıx koordinasiya şəraitində hazırlanıb. Dəhlizin hərəkət marşrutu təşkilatın və Omanın aidiyyəti hərbi-dəniz qurumlarının birgə açıqladığı coğrafi koordinatlar əsasında təhlükəsiz zonada müəyyənləşdirilib. Təhlükəsizlik qaydalarına əsasən, bu dəhlizdən istifadə etmək istəyən gəmilərdən keçid etməzdən əvvəl mütləq şəkildə Beynəlxalq Dəniz Təşkilatı ilə lazımi əlaqələndirmə və qeydiyyat işləri aparması tələb olunur.

Sultanlıq beynəlxalq dəniz hüququ çərçivəsində Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin və etibarlılığının təmin olunmasına hər cür dəstək verməkdə davam edəcəyini diqqətə çatdırıb. Bildirilib ki, bu təşəbbüs son hərbi gərginliklərdən sonra zərər çəkmiş qlobal ticarət və dəniz yolu ilə enerji daşımalarının sabitliyinin yenidən qorunmasına mühüm töhfə verəcək.