Hörmüz boğazındakı böhrandan sonra ABŞ və İran danışıqlar masasında!

81

İran və ABŞ Hörmüz boğazında regional gərginliyi azaltmaq və mümkün hərbi qarşıdurmaların qarşısını almaq məqsədilə xüsusi birbaşa rabitə kanalı formalaşdırıblar.

Denizxeber.az bildirir ki, bu barədə “Press” TV agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, sözügedən kommunikasiya kanalının aktivləşdirilməsi tərəflər arasında İsveçrədə keçirilən son məxfi və ya neytral diplomatik danışıqlar zamanı razılaşdırılıb.

Kanalın yaradılmasında əsas hədəf Hörmüz boğazı kimi kritik su yolunda hərbi eskalasiyaya (gərginliyin artmasına) səbəb ola biləcək hər hansı operativ insidentin, gəmilərə hücumların və ya naviqasiya anlaşılmazlıqlarının qarşısını dərhal almaqdır.


Bu diplomatik addım İran rəsmilərinin boğazdan keçən kommersiya donanması ilə bağlı verdiyi kəskin bəyanatların ardınca gəlir. Xatırladaq ki, iyunun 26-da İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi rəsmi Tehrandan icazə və koordinasiya alınmadan Hörmüz boğazından keçən gəmilərin təhlükəsiz hərəkətinə zəmanət verilməyəcəyini açıq şəkildə bəyan etmişdi.

Sinqapur bayraqlı gəmiyə edilən son hücumlar və ABŞ hərbi gəmilərinin regiondakı aktivliyi fonunda, bu yeni kommunikasiya xətti hər iki dövlətin dəniz logistikasını qorumaq və nəzarətsiz böhranların qarşısını almaq üçün kompromis axtarışında olduğunu göstərir.