Hörmüz boğazı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına aid deyil və bura birbaşa İranın nəzarətində olan strateji su ərazisidir.
Denizxeber.az bildirir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
İran rəsmisi regiondakı hərbi iştiraka toxunaraq qeyd edib:
“Bəhreyn Müdafiə Qüvvələri Fars körfəzi üçün hüquqi nizam və təhlükəsizlik yarada bilməz. Regionun real təhlükəsizliyi kənar müdaxilənin başa çatması, ABŞ ordusunun bölgədən tamamilə çıxarılması, dövlətlərin suverenliyinə hörmət edilməsi və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə təmin oluna bilər. Amerikanın hərbi çətiri altında regionda heç bir sabitlik yarana bilməz”.
Kazım Qəribabadi bu kəskin bəyanatı ilə CENTCOM-un Bəhreyndə keçirilən geniş tərkibli hərbi görüşün yekunlarına dair yaydığı rəsmi açıqlamaya cavab verib.
Bəhreyn görüşü və CENTCOM-un bəyanatı
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 1-də Bəhreyndə regional təhlükəsizlik dialoquna rəhbərlik edib. CENTCOM-un yaydığı bəyanatda regional əməkdaşlığa dair növbəti məqamlar əks olunub:
CENTCOM komandanı Bred Kuper, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən olan yüksəkrütbəli hərbi rəsmi şəxslər mövcud regional təhlükəsizlik mühitini və birgə müdafiə imkanlarını müzakirə ediblər. Bu tədbir həm də Suriya və Livan hərbçilərinin ABŞ-nin rəhbərlik etdiyi müdafiə konfransına ilk dəfə qatılması ilə diqqət çəkib.
Görüşdə Hörmüz boğazı vasitəsilə qlobal ticarətin sərbəst və maneəsiz axınına sadiqlik ifadə olunub. Bildirilib ki, ABŞ və regional tərəfdaşları Yaxın Şərqdə qabaqcıl raketdən müdafiə sistemini idarə edirlər. Bu çərçivədə, cari ilin yanvar ayında məlumat mübadiləsi, təhdid xəbərdarlıqlarının paylaşılması və böhran vəziyyətlərinə operativ reaksiya verilməsi məqsədilə yeni Yaxın Şərq Hava Hücumundan Müdafiə koordinasiya bölməsi yaradılıb.





