Çin külək turbini üçün dünyanın ilk və ən böyük üzən gərginlik ayaqlı platformasını istifadəyə verib

62

Çin 16 MVt gücündə külək turbini üçün nəzərdə tutulmuş dünyanın ilk və ən böyük üzən gərginlik ayaqlı platformasını (Tension-Leg Platform – TLP) Cənubi Çin dənizində quraşdırılmaq üçün istismara göndərib.

Denizxeber.az Seanews.az-a istinadən xəbər verir ki, Çjuhay şəhərindəki Qaolan limanında yığılan platformanın hündürlüyü 307 metrdən çox, çəkisi isə təxminən 8 min tondur.

Yeni TLP iyunun 28-də yola salınıb və Honkonqdan təxminən 250 kilometr cənub-şərqdə, 330 metr dərinlikdə yerləşən Lufeng neft yatağı yaxınlığında quraşdırılacaq.

Platforma istismara verildikdən sonra ildə təxminən 54 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Həmin elektrik enerjisi sualtı kabellər vasitəsilə neft yatağının enerji şəbəkəsinə ötürüləcək. Bu, Çində bərpa olunan enerji mənbələrinin neft-qaz əməliyyatlarına inteqrasiya edildiyi ilk layihə olacaq.

Çin rəsmilərinin bildirdiyinə görə, ölkənin ümumi quraşdırılmış külək enerjisi gücü artıq 660 milyon kilovatı, dəniz külək enerjisi üzrə quraşdırılmış gücü isə 47 QVt-ı ötüb. Hazırda dünyada yeni istifadəyə verilən dəniz külək enerjisi güclərinin təxminən 78 faizi Çinə məxsusdur və ölkə bu sahədə qlobal lider mövqeyini qoruyur.